May ayı üçün əsas dəyişikliklər

İdxalı və satışı ƏDV-dən azad edilmiş məhsulların növbəti siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edildi.

Vergi Məcəlləsində 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklərdən biri də 164.1.7.-ci maddəyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışının ƏDV-dən azad olması olmuşdur.

Adı qeyd olunan siyahı Nazirlər Kabineti tərəfindən 13 may 2022-ci il tarixdə təsdiq edildi. Siyahıda qəzet kağızı, digər müxtəlif kağız növləri, çap edilmiş kitablar, qəzetlər, jurnallar və digər dövri nəşrlər, coğrafi və hidroqrafik xəritələr və  bütün növ analoji xəritələr də yer almışdır.

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması

25 may 2022-ci il tarixli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra Qayda) təsdiq edilmişdir.

Qayda “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli Qanunun icrası məqsədilə qəbul olunmuşdur.

Qaydada qeyd olunur ki, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda alıcının bank hesabına köçürmə yolu ilə qaytarılır. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir və ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır.

Bununla yanaşı, Qaydada nəzərdə tutulmuşdur ki, Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.

Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı artırıldı.

Azərbaycan Respublikasının Milli Məclisi “Lisenziyalar və İcazələr haqqında” Qanuna dəyişikliklər edilməsi haqqında Qanun qəbul etmişdir. Qanuna edilmiş dəyişikliklərə əsasən, aşağıda adı çəkilən fəaliyyət növləri də lisenziya tələb edən fəaliyyətlər sırasına daxil edildi:

1.Audiovizual media fəaliyyəti:

1.1.ümumölkə yerüstü televiziya yayımçısı

1.2.ümumölkə yerüstü radio yayımçısı

1.3.regional yerüstü televiziya yayımçısı

1.4.regional yerüstü radio yayımçısı

1.5.peyk yayımı həyata keçirən platforma yayımçısı

1.6.peyk yayımı həyata keçirməyən platforma yayımçısı

1.7.sifarişli yayım xidməti provayderi

1.8.sadə platforma operatoru

1.9.universal platforma operatoru

1.10.multipleks operatoru

Eyni zamanda, Milli Məclis tərəfindən “Dövlət rüsumu haqqında” Qanuna da dəyişiklik edilərək yuxarıda qeyd olunan fəaliyyət növlərinə dair lisenziyaların verilməsi üçün dövlət rüsumları müəyyən edilmişdir. Dövlət rüsumlarının məbləği 500-5000 AZN arasında dəyişir.

Tarix
6 İyul 2022
Uyğun xəbərlər